Məxfilik siyasəti
Cebix tətbiqində və cebix.app saytında hansı məlumatları topladığımız və onlarla nə etdiyimiz.
1. Tətbiqdə nəyi toplayırıq
Ad, soyad, e-poçt, universitet, tələbə kartının şəkli və selfi (sonra profil şəklin olur); endirim tarixçən (harada, nə vaxt, hansı təklif), coin hərəkətləri və şirkətlərə müraciətlərin. Seçilmiş məhsulların yalnız telefonunda qalır. Şifrəni yalnız şifrələnmiş (hash) şəkildə saxlayırıq.
2. Saytda nəyi toplayırıq
"Çıxanda xəbər ver" formasında: e-poçtun və saytın dili. "Biznes üçün" formasında: biznesin adı, adın, telefon, istəyə görə e-poçt, sahə və qeyd. Hər sorğuda server texniki qeyd aparır (IP ünvanı, brauzer, tarix və açılan səhifə) — sui-istifadəni dayandırmaq və xətaları tapmaq üçün; bu qeydlər qısa müddət saxlanılır. Çatbota yazdığın suallar və onun cavabları (saytın dili və tarixlə) saxlanılır; IP ünvanın və ya adın onlara bağlanmır. Saytda reklam izləyiciləri yoxdur; ziyarət sayını Cloudflare-in cookie-siz statistikası ilə görürük.
3. Nə üçün
Tələbə statusunu yoxlamaq, endirimi kassada təsdiqləmək, coin hesablamaq, müraciətini şirkətə ötürmək, tətbiq çıxanda sənə bir dəfə xəbər vermək, biznes müraciətinə cavab vermək və xidməti yaxşılaşdırmaq üçün. Məlumatlarını reklam üçün satmırıq.
4. Tələbə kartı və selfi
Tələbə kartının şəkli qapalı yaddaşda saxlanılır: onu yalnız yoxlamanı aparan Cebix əməkdaşları görür, mağaza və şirkətlər görmür. Selfi profil şəklin olur — kassir QR-ı gətirənin sən olduğunu onunla yoxlayır. Profil şəklini istənilən vaxt dəyişə bilərsən.
5. Tərəfdaşlar nə görür
QR kodu oxuyan mağaza adını, soyadının baş hərfini, universitetini, statusunu və profil şəklini görür (məs. "Aysel M., ADA") — səni tanımaq üçün. E-poçtun və tələbə kartın tərəfdaşlara ötürülmür. Saytın formalarına yazdıqların heç bir tərəfdaşa verilmir.
6. Məkan
İcazə versən, məkanın yalnız telefonunda istifadə olunur: məsafəni göstərmək və seçilmiş məhsulun satıldığı yerə yaxınlaşanda xəbər vermək üçün. Məkanını serverimizə göndərmirik. İcazəni istənilən vaxt telefon ayarlarından ləğv edə bilərsən.
7. Kim emal edir
Məlumatlar Cebix-in öz serverlərində saxlanılır. Sayt və tətbiqin trafiki Cloudflare vasitəsilə keçir: o, bağlantını şifrələyir və hücumlardan qoruyur, bu zaman IP ünvanını və sorğunu emal edir. Çatbota yazdığın mətn cavab hazırlamaq üçün OpenAI-a göndərilir; OpenAI onu model öyrətmək üçün istifadə etmir. Başqa üçüncü tərəflə məlumat paylaşmırıq, qanunun tələb etdiyi hallar istisnadır.
8. Saxlanma və silinmə
Tətbiq məlumatlarını hesabın açıq olduğu müddətdə saxlayırıq. Xəbər siyahısındakı e-poçtu tətbiq çıxana və ya sən imtina edənə qədər, biznes müraciətini müraciət bağlanana qədər, çatbot söhbətlərini isə 90 gün saxlayırıq. Hesabını silmək, siyahıdan çıxmaq və ya məlumatlarının surətini almaq üçün [email protected] ünvanına yaz — 30 gün ərzində cavab veririk. Qanunla saxlanması tələb olunan qeydlər istisnadır.
9. Qoruma və hüquqların
Bağlantılar şifrələnir, girişlər cihaz tokenləri ilə qorunur. "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən məlumatlarını görmək, düzəltmək və silinməsini tələb etmək hüququn var. Cookie-lər haqqında: Cookie siyasəti.